Ötən gündən Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş vermiş yanğın bu gün söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində yanğın bu gün saat 14 radələrində söndürülüb. Yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
Xatırladaq ki, ilkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.