Bu il hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14.251 cinayət qeydə alınıb.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.
V.Eyvazov bildirib ki, onların 94,2 faizi və ya 13.429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Belə ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.
V.Eyvazov qeyd edib ki, cinayətlərin açılması sahəsində əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət əvvəlki illərdə olduğu kimi, kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəlib.
Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb.
İclasda vurğulanıb ki, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb.