Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə birlikdə ittiham olunan digərlərinə də hökm oxunub. Beləliklə, İlqar Abdullayev 6 il 6 ay, Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 7 il 23 gün, Anar Sultanov 7 il 6 ay, Məhəmməd Cahangirov 7 il 6 ay, Kənan Orucov 7 il 6 ay , Azad Cavadov 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, İlqar Abdullayev, Məhəmməd Cahangirov və Kənan Orucov şərti cəza alaraq azad olunublar. Prosesdə Bakı Fındıq Zavodunun direktoru olmuş Azad Cavadov 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Cavadov məhkəmə zalındaca həbs edilib. Təqsirləndirilən şəxslər həmçinin 3 il rəhbər vəzifə tuta bilməzlər.
Bundan başqa məhkəmə qərar verib ki, 63 milyon manat C.Hacıyevdən tutularaq “Azərbaycan Beynəlxalq Bankı”ın hesabına ödənilsin. Əlavə 7 milyon manat isə Cahangir Hacıyevdən tutulub "Aqrarkredit"ə veriləcək.
13:44
Hakimlər kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxundu. Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər yenilənir.
09:00
Bu gün “Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmədə hökm oxunacaq.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas saat 10-da başlanacaq. Hakimlər 4 günlük müşavirədən sonra bu gün hökmü elan etməlidir.
Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışında. Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini, C. Hacıyevin evindən götürülən qiymətli saat və digər vasitələrin borcun ödənilməsinə yönəldilməsini istəyib.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.