Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonunda 1945-ci il təvəllüdlü Oşitova Lidiya İvanovna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən edilib.
L.Oşitovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.