APA TV-nin məlumatına görə, Bayraq meydanının yaxınlığında baş verən qəzada "Ford" markalı mikroavtobusla "Shackman" markalı yük maşınmı toqquşub.
Qəza nəticəsində "Ford"da olan sürücü və 3 sərnişin ağır bədən xəsarətləri alaraq deformasiyaya uğrayan maşında sıxışıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Hadisə yerinə gələn xilasedicilər sürücü və 3 sərnişini maşından çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Yaralılar təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıblar.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda qəzada yaralananların şəxsiyyəti müəyyən olunur. Eyni zamanda qəzanın baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.