3 İyul tarixində Bərdə rayonunda bank işçisinin müəmmalı şəkildə Yuxarı Qarabağ kanalında batması faktı ilə əlaqədar başlanmış cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparacaq. Lent.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Ələkbərov Anar Nizam oğlunun ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə başlanmış cinayət işinin materialları rayon prokurorluğundan Bakıya göndərilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Bərdə şəhərində fəaliyyət göstərən bank filiallarından birində çalışan 1986-cı il təvəllüdlü Ələkbərov Anar Nizam oğlu Qarabağ kanalında batarkən onun yanında iki tanışı olub. Hər iki şəxs hadisədən dərhal sonra saxlanılıb. Onlardan birindən soyuq silah qismində istifadə olunan beşbarmaq götürülüb. Daha sonra hər iki şəxs məhkəmə qarşısına çıxarılıb. Onlardan biri barəsində həbs qətimkan tədbiri seçilib, digəri isə dilindən iltizam alınmaqla sərbəst buraxılıb.
Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.