APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində qeydə alınıb.
Sürətlə hərəkət edən "Volkswagen" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 90 EH 333 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomaşına arxakdan çırpılıb. "Volkswagen"in sürəti çox olduğundan sürücü idarəetməni itirib və avtomobil yolun ortasında aşıb. Aşan minik maşını yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsönürmə briqadası cəlb olunub, yanğının qarşısı alınıb.
"Volkswagen"in sürücüsü İlkin Babaxanov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Yol Patrul Xidmətinin hadisə yerindəki əməkdaşlarının APA-ya verdikləri məlumata görə, qəzaya "Volkswagen"in yüksək sürətlə idarə olunması və sürücünün idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.