İyulun 29-da Bakı şəhərinin Xətai rayonunda mənzildə gənc qızın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, Neapol prospekti bina 19 mənzil 306 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Məmmədova Vüsalə Şamil qızı uzun müddətli telefon zənglərinə reaksiya verməməsi və ətrafda qaz qoxusunun olması yaxınlarının narahatlığına səbəb olub.
Hadisə yerinə cəlb olunmuş Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mənzilə daxil olan qaz xəttinin bağlanması təmin olunub. Daha sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi təyinatlı nəqliyyat vasitəsinin üzərindəki nərdivan vasitəsi ilə 5 mərtəbəli binanın 3-cü mərtəbəsinə qalxıb, xilasetmə alət və avadanlıqlarından istifadə etməklə adıçəkilən mənzilin pəncərəsini açaraq içəri daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi otaqda huşsuz vəziyyətdə aşkar edərək adıçəkilən şəxsə dərhal ilkin təxirəsalınmaz tibbi yardım göstərərək hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.
Hazırda 27 yaşlı qız xəstəxanada müalicə olunur.
Lent.az hadisə yerindən çəkilmiş fotoları təqdim edir.