Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxtda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları barədə növbəti birgə məlumat yayıb.
Lent.az-a daxil olan məlumatda bildirilir ki, martın 21-də saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən 65 saylı orta məktəbin qarşısında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada 1964-cü il təvəllüdlü Məmmədov Behiş Nəsib oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Birgə məlumatda deyilir ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 120 saylı marşrut xətti üzrə hərəkət edən, “Daewoo” markalı, 10-TF-581 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1987-ci il təvəllüdlü, Salyan rayon sakini Novruzov Elvin Sakit oğlu tərəfindən törədilməsi müəyyən edilib.
Cinayətin törədilməsində şübhəli bilinən E.Novruzov martın 22-də tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.