Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Bakının müxtəlif ərazilərində qanunsuz mərc oyunları təşkil edən qrup üzvlərini saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayonunda anadan olan, 32 yaşlı Emin Əliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Emin Əliyev təxminən 1 il bundan əvvəl Qusar rayon sakini, 20 yaşlı Elşad Seyidov, Yevlax rayonunda anadan olan 22 yaşlı Fərdi Mehdiyev, Şəki şəhər sakini, Əfqan Xəlilov, Bakı şəhər sakinləri, 25 yaşlı Elşən Arzumanov, 19 yaşlı Ağacan Nərimanov və 24 yaşlı Tapdıq Fərəcovu da ətrafına cəlb edərək qanunsuz “ZenitBet” idman mərc oyunları təşkil edib. Emin Əliyev paytaxtın müxtəlif ərazilərində 6 ünvanda obyekt kirayə götürüb, qanunsuz oyunları təşkil ütmək üçün lazım olan avadanlıqlar alıb və hər bir obyekti ətrafına cəlb etdiyi tanışlarına təhvil verərək işlətməyi tapşırıb.
Əməliyyatçılar obyektlərə baxış keçirərkən qumara qoyulmuş külli miqdarda nağd pul, xüsusi kompüter avadanlıqları və digər maddi sübutlar aşkarlayaraq götürüblər. Eyni zamanda qanunsuz idman mərc oyunlarında iştirak edən Bakı şəhər sakinləri – 26 yaşlı Pərvin Kazımov və 35 yaşlı Sirac Vəliyev də saxlanılaraq barələrində qanunla müəyyən edilmiş qaydada ölçü götürülüb.
Faktla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.