Yanvarın 10-na keçən gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 3 nəfər maskalı şəxs 1956-cı il təvəllüdlü Həmzəyev Akif Daşdəmir oğlunun Şüvəlan qəsəbəsi, Nizami küçəsi 21, döngə 6 ünvanındakı mənzilinə pəncərədən soxulub. Saat 04 radələrində pəncərədən evə daxil olan həmin şəxslər mənzildə tək olan 57 yaşlı A.Həmzəyevə çoxsaylı bıçaq zərbələri endiriblər. Daha sonra onlar evin həyətindəki “VAZ 2121” (Niva) markalı avtomobili işə salaraq naməlum istiqamətdə aparıblar.
A.Həmzəyev ağır vəziyyətdə olmasına baxmayaraq mobil telefonla yaxınları ilə əlaqə saxlamağı bacarıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, zərərçəkmiş A.Həmzəyev iş adamıdır. Onun Şüvəlanda bir neçə mağazasının olduğu bildirilir.
Araşdırmalar davam etdirilir.