Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində intihara cəhd hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xocalı prospekti 20/22 ünvanındakı 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində orta yaşlı qadın özünü ataraq intihar etmək istəyib. Dərhal hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat verilib və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vaxt itirmədən binanın qarşısında, intihar etmək istəyən qadının dayandığı eyvanın altında xüsusi tor (brezent) yerləşdiriblər. Xilasedicilərlə heç bir danışıqlar aparmaq istəməyən qadın özünü atıb və xilasedicilərin tutduğu xilasetmə torunun üzərinə düşüb. Yaralı qadın dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.
Araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən qadın həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Nersova Valeriya Yuriyevnadır. Hadisə vaxtı o evdə tək olub və spirtli içkinin təsiri altında intihara səy göstərib.
Məlumat daxil olan kimi hadisə yerinə gələn Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupunun rəhbəri Faiq Babayev bildirib ki, həmin qadın psixoloji söhbətin aparılmasına şərait yaratmayıb: “Biz hadisə yerinə çatanda o eyvanda idi və intihar etməyə niyyətli olduğu hiss edilirdi. Ona görə də dərhal brezenti açdıq. Özünü atan qadın torun üzərinə düşdü və həyatı xilas edildi”.
Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, V.Nersova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. O xəstəxanaya daxil olarkən spirtli içkinin təsiri altında olub.
Faktla əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılır.