Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dələduzluqla məşğul olan iş adamını həbs edib. Lent.az-ın əldə etdiyi məlumata görə, iş adamı Ruslan Kərimov xarici ölkələrdən olan sahibkarlarla biznes əlaqəsinə girərək, onlara nar şirəsi göndərəcəyini bildirirmiş.
Məlumata görə, R.Kərimov internetdə xüsusi sayt yaradaraq nar şirəsi istehsalçısı və satıcısı olduğunu bəyan edirmiş. İş adamı göndərəcəyi məhsulun qarşılığında onlardan külli miqdarda pul alırmış. Bank vasitəsi ilə pulu götürən azərbaycanlı iş adamı daha sonra şirəni göndərmədikdə əcnəbilər şübhəyə düşüb. Belə ki, Yunanıstandan olan iş adamı Azərbaycan tərəfinə rəsmi müraciət edib.
Araşdırmalar nəticəsində R.Kərimovun əslində dələduzluq və fırıldaqçılıqla məşğul olduğu ortaya çıxıb. Onun əcnəbi biznesmenlərin külli miqdarda pulunu mənimsəməsi də məlum olub.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.