Bu gün səhər saatlarında Bakı şəhərinin Xəzər rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Buzovna-Mərdəkan yolunda, “Xrustalnı” adı ilə tanınan ərazidə “VAZ 2106” markalı avtomobil “Mercedes”ə çırpılıb. Hər iki avtomobil zərbənin gücündən yol kənarındakı yaşıllıq zolağa çıxıb. Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü və ön oturacaqda əyləşmiş sürücü hadisə yerindəcə keçinib. Onlar tamamilə sıxılmış avtomobilin hissələri arasında qalıblar. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hər iki şəxsin meyitini avtomobildən çıxararaq təhvil verib.
Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ölən şəxslərin kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.
İlkin məlumata görə, qəzaya yağışlı hava şəraitində, sürüşkən yolda sürət həddinin düzgün seçilməməsi səbəb olub.
Qeyd edək ki, “VAZ 2106” “Mercedes E Class”a arxadan çırpılıb.