Bu gün Bakı şəhərinin Sabunçu rayonunda - Bilgəh qəsəbəsi Şəmsi Bədəlbəyli küçəsi, döngə 12, ev 648 ünvanındakı fərdi yaşayış evinin həyətyanı sahəsindəki quyuda insan faktorunun olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın məlumatına görə, dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Xəzər və Suraxanı rayonu üzrə xilasedicilər qrupu cəlb edilib. Məlum olub ki, 1962-ci il təvəllüdlü Babayev Fətulla Xeyrulla oğlu adıçəkilən ünvanda diametri 1 metr və dərinliyi 10 metr olan su quyusuna düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alpinist alət və avadanlıqları vasitəsilə su quyusuna enərək cəsədi 1,5 metr su olan quyudan çıxarıb. Cəsəd hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı F.Babayevin bir neçə gün əvvəl vəfat etdiyi müəyyən edilib. Xilasedicilər cəsədi hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.
Faktla əlaqədar araşdırma aparılır.