Yanvarın 26-da Bakı şəhərinin Səbail rayonu ərazisində yanacaq daşıyan yük maşının qəzaya uğraması və baş vermiş güclü yanğının yol infrastrukturuna vurduğu ziyan hesablanıb. Lent.az-ın əldə etdiyi məlumata görə, mütəxəssis qrupunun apardığı araşdırmalardan sonra məlum olub ki, hadisə yola və ətrafdakı yol infrastrukturuna 260 min manat ziyan vurub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a bildirilib ki, Bakı-Ələt-Qazax yolunun 10-cu kilometrliyində (Bibiheybət məscidi yaxınlığı) “Mercedes” markalı yanacaq daşıyan yük maşının aşması, yanğına keçən partlayışın baş verməsi nəticəsində yolun sağındakı divarın aqlay daşı ilə üzlənmiş 320 kv.m istinad divarı və daha 60 kv.m üst hissəsi, 191 kv.m rustlu daş, divarlardakı 332 kv.m aqlay karniz, 31 kv.m daraq, 1 ədəd işıq dirəyi, 4 ədəd göstərici yol nişanı, 36 poqonmetr səki daşı, 124 poqonmetr metal qoruyucu tirlər, 5 ədəd metal dayaq, yolun bəzək hissəsində 315 kv.m, səkidə isə 45 kv.m asfalt-beton örtüyü yararsız hala düşüb.
Qeyd edək ki, məlum hadisə zamanı yük avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Fazil oğlu hadisə yerində ölüb. Qəza nəticəsində tutumu 38 ton yanacaqla dolu avtoçənin yanar hissələri və çənin içərisində olan 24 ton Aİ-93, 14 ton Aİ-95 (ümumi 38 ton benzin) və ətrafa dağılmış 250 kv.m sahədə yanacaq yanıb.
Onu da qeyd edək ki, V.Abdullayev ailəli, 1 uşaq atası olub.