APA-nın məlumatına görə, Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı 90 KC 023 dövlət nömrə nişanlı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt VAZ-2107 qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.
VAZ-2107-nin sürücüsünün yaxınları APA-ya bildiriblər ki, Tural Rəhimov yol polisi əməkdaşlarından qaçmağa çalışırmış. Metronun "Koroğlu" stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, VAZ-2107-nin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma baş verib.
Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov isə APA-ya açıqlamasında deyib ki, VAZ-2107-nin YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır. Müstəntiqin sözlərinə görə, ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə də baxış keçiriləcək və hadisənin təfərrüatları müəyyən ediləcək. "İlkin versiya bundan ibarətdir ki, VAZ-2107-nin sürücüsü avtoxuliqanlıq edib", - Nicat Naibov qeyd edib.
3 saylı şəhər Kliniki Xəstəxanasından APA-ya bildirilib ki, VAZ-2107-nin sürücüsü Tural Rəhimovun vəziyyəti ağırdır və əməliyyat olunur.
Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.