Bakıda 144 milyonluq cinayətdə təqsirləndirilən biznesmenin istəyi reallaşdı
26 fevral 2015 13:27 (UTC +04:00)

Bakıda 144 milyonluq cinayətdə təqsirləndirilən biznesmenin istəyi reallaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və digər əməllərdə təqsirli bilinən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkilləri məhkəmə prosesindən qabaq Xocalı faciəsinin qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib. Hakim Əfqan Hacıyev buna etiraz etməyib. Bir dəqiqəlik sükutdan sonra təqsirləndirilən şəxsin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, yenə də ittiham aktının onlara aydın olmadığını qeyd edib. Onlar Abdulla Abdullayevin 144 milyon leqallaşmaqla günahkar olmadığını, bunun parçalanaraq izah edilməsini məhkəmədən istəyiblər. Hakimlər yerində müşavirə edərək, vəsatətin baxılmamış saxlayıb.

 

Abdulla Abdullayevin vəkilləri hakimlərin verdiyi qərara etiraz edib. 

 

Vəkil Əkbər Bağırov üzünü hakimlərə tutaraq bildirib ki, Azərbaycanın məhkəmə sisteminə inanırlar: "Biz Azərbaycan məhkəmələrinə inanırıq. İnanmasaq burda boş-boşuna danışmarıq. Təbii ki, Abdulla Abdullayev barəsində düzgün hökm çıxarılmayacağı təqdirdə Apelyasiya məhkəməsinə, o da olmasa Ali Məhkəməyə müraciət edəcəyik. Orada da ədalətli qərar verilməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik".

 

A.Abdullayev vəkili Murad Əliyev vəsatətlə çıxış edərək “Texnikabank”ın idarə heyətinin sədr müavini Samir Baxşalıyevin məhkəməyə gələrək ifadə verməsini istədiklərini bildirib: "Çünki bütün kredit sənədlərində S. Baxşalıyevin imzası var. O da gəlib ifadə verməlidir".

 

Təqsirləndirilən şəxslərdən Vidadi Qurbanovun vəkili Yavər Hüseyn vəsatətlərə dərhal yerində baxılmasını məhkəmədən xahiş edib: "Çünki burada müdafiə etdiyim V.Qurbanov kassir olub, onun adının mütəşəkkil dəstənin tərkibində qeyd edilməsi yolverilməzdir. Buna görə vəsatətlərin yerində və dərhal baxılmasını xahiş edirik".

 

Dövlət ittihamçısı çıxış edərək, Abdulla Abdullayevə ittiham aktının mahiyyətini izah edilməsi məhkəmədən istəyib.

 

Hakimlər yerində müşavirə keçirərək qərara alıb ki, A.Abdullayevə yenidən ittiham aktı başa salınsın. Qalan məsələlər isə baxılmamış saxlanılıb.

 

Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

 

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

 

Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Səlcuq Elçin

Oxşar yazılar