Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.
Lent.az-ın məlumatına görə, qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib ki, agentlik tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərə daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirilir: “Qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcəyinə dair qurum tərəfindən xəbərdarlıq edilir. Ancaq bu, heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən aidiyyatı şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq. Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır”.