Aprelin 25 keçən gecə İraqda yaraqlılar Bağdadın şimalında Salahəddin əyalətinin Süleymanbəy kiçik rayonundan hakimiyyət silahlı qüvvələrini çıxarıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yerli hakimiyyət təmsilçisi Şəlalə Əbdülbaban bildirib ki, hakimiyyətin təhlükəsizlik qüvvələri bu rayonu tərk edərək, onu yaraqlılara təhvil verib.
Süleymanbəy üzərində mərkəzi hakimiyyətin nəzarəti itirməsini Salahəddin əyalət şurasının üzvü Niyazi Müəmməroğlu da təsdiqləyib.
Xatırladaq ki, son iki gündə İraqda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş vermiş qarşıdurma nəticəsində azı yüz nəfər həlak olub, 187 nəfər yaralanıb.
İğtişaşların yaranmasına səbəb aprelin 23-də Kərkük əyalətinin əl-Xuveyc kəndində nümayişin dağıdılması zamanı 30 nəfər öldürülməsi göstərilib.
Şahidlərin sözlərinə əsasən, hər iki tərəf odlu silahdan atəş açıb. Bir müddət öncə İraq hakimiyyəti Tikrit və Samara şəhərlərində komendant saatı elan edib.
Etiraz aksiyasında ölkənin baş naziri Nuri əl-Malikinin istefası tələb edilib.