Azərbaycanın daha bir millisi heyətini açıqladı
02 oktyabr 2013 18:15 (UTC +04:00)

Azərbaycanın daha bir millisi heyətini açıqladı

Oktyabrın 14-də Qazaxıstanın Almatı şəhərində start götürəcək boks üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Lent.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunda Belarusun paytaxtı Minskdə təşkil olunmuş Avropa çempionatı ilə müqayisədə 3 dəyişiklik baş verib.

 

56 kq çəki dərəcəsində karyerasını başa vuran Samir Məmmədovu Cavid Çələbiyev əvəzləyib. 2012-ci il gənclər arasında dünya birinciliyinin mükafatçısı Pərviz Bağırov da Almatıda rinqə çıxacaq. O, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib. Ailəsində baş vermiş faciə səbəbindən Avropa çempionatında iştirak etməyən Sultan Migitinov (75 kq) öz bacarığını mundialda göstərməyə çalışacaq.

 

Millimizin heyəti: Salman Əlizadə (49 kq) - 2011-ci ilin Avropa çempionu, 2013-cü il Avropa çempionatının bürünc mükafatçısı, Elvin Məmişzadə (52 kq) - 2010-cu il Avropa çempionatının gümüş, 2013-cü il Avropa çempionatının bürünc mükafatçısı, Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq) – 2011-ci il Avropa çempionatının bürünc mükafatçısı, Pərviz Bağırov (69 kq), Sultan Migitinov (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) – 2011-ci ilin Avropa çempionu, 2013-cü il Avropa və 2011-ci il dünya çempionatının gümüş, 2012-ci il London Yay Olimpiya oyunlarının bürünc mükafatçısı, Məhəmmədrəsul Məcidov (+91 kq) – 2011-ci ilin dünya, 2013-cü ilin Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı.   

 

Oktyabrın 26-dək davam edəcək çempionatda komandamız baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında çıxış edəcək.

 

Qeyd edək ki, millimiz hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışındadır. Dünya çempionatı Boluan Şolak İdman Mərkəzində keçiriləcək.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1684
avatar

Oxşar yazılar