Ağsunun Pirhəsənli kəndində bir şəxs mağazaya borcunu ödəməmək üçün mağaza sahibinə bıçaqla xəsarət yetirib. Lent.az-ın “Xəzər”TV-yə istinadən verdiyi məlumata görə, sahibkar Aqşin Hüseynovun mağazasında Rövşən Abışov adlı şəxs onun qulağını kəsib. Məlumata görə, R.Abışov mağazaya gələrək pul istəyib, istədiyini ala bilməyəndə isə sahibkarın qulağına xəsarət yetirib, pulları götürərək aradan çıxıb. Aqşin Hüseynov yaralı halda xəstəxanaya çatdırılıb.
Xəstə müayinə edilib. Onda həqiqətən xəsarətlər aşkarlanıb. Bunlar burun tilinin əzilməsi, burun qanaxması, sol göz sklerasına qansızma, sağ qulaq nahiyəsinin əzilməsi, qulaq arxasında kəsilmiş, cızılmış yara və s.
Rövşən Abışov isə iddiaları qəbul eləmir. Zərərçəkənin sözlərinə görə, Rövşən Abışov ondan dəfələrlə pul istəyib, hədələyərək tapşırıb ki, bir kəsə desə onu öldürəcək. Polisin araşdırması zamanı məlum olub ki, bu iki şəxs arasında əvvəllər də ədavət olub. Sonuncu hadisənin səbəbi Rövşənin mağazaya külli miqdarda borcu olmasıdır.