Bu gün Bakı-Quba Rusiya sərhədi magistralının Sumqayıtşəhəri yaxınlığından keçən hissəsində baş vermiş qəzanın fəsadları nisbətən aradan qaldırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, əraziyə gətirilmiş 90 və 75 ton yükqaldırma qabiliyyətinə malik iki kran yüklə dolu "Shacman" markalı avtomobili yolun hərəkət zolağından kənarlaşdırılıb. Yalnız bundan sonra magistralın paytaxta doğru olan hərəkət zolaqlarında nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub. Yol təxminən 6 saat bağlı qalıb.
****
14:44
Bu gün yük maşının qəzaya uğraması nəticəsində hərəkət məhdudlaşdırılan Bakı-Quba –Rusiya sərhədi yolu hələ də nəqliyyatın hərəkəti üçün açılmayıb. Hadisə yerində olan “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, aşaraq yolun ortasında qalmış yüklə dolu “Shacman” markalı yük avtomobilini ərazidən uzaqlaşdırmaq üçün kranlar gətirilib. Lakin həddindən artıq yük vurulmuş maşını yerindən tərpətmək mümkün olmayıb. Bu azmış kimi kranlardan biri ağırlığa tab gətirməyərək sıradan çıxıb. Hazırda əraziyə əlavə texnika cəlb olunub və işlər davam etdirilir.
P.Mürsəliyev onu da bildirdi ki, hadisə magistralın Sumqayıt dairəvi yolu adı ilə tanının hissəsində baş verib. Hazırda yolun paytaxta gələn hissəsində nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb.
*****
13:26
Bu gün Bakı-Quba-Rusiya sərhədi magistralında yük avtomobili qəza törədib. Hadisə yerində olan şəxslərin Lent.az-a verdiyi məlumata görə, yolun paytaxta gələn istiqamətində “Shacman” markalı yük maşını yolun ortasındakı ayırıcı əyrixətli tirlərə çırpılaraq aşıb. Qəzadan sonra yol bağlanıb və tıxac yaranıb.
Hadisə yerinə yüklə dolu yük maşınını yolun hərəkət zolağından çəkməsi üçün 2 kran və 1 avtoqoşqu gətirilib. Lakin kranların səyinə baxmayaraq yük maşınını qəza yerindən uzaqlaşdırmaq mümkün olmayıb. Tıxacı aradan qaldırmaq üçün yolun 1 zolağında hərəkət müvəqqəti bərpa edilsə də sonradan yol yenidən bağlanıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Kranlar yüklə dolu avtomobili hərəkət zolağından götürməyə çalışır.
Magistral yol hələ də bağlıdır.
Hadisə yerindən fotolar bir qədər sonra saytda yerləşdiriləcək.