İyunun 17-də ölkənin müxtəlif ərazilərində baş vermiş bədbəxt hadisələr nəticəsində bir neçə nəfər dünyasını dəyişib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 13.05 radələrində Ağcabədi rayonu ərazisində yaşayan Rəna Əkbərova elektrik cərəyanı vurması nəticəsində ölüb. Quba rayonunun Alpan kəndi ərazisində kənd sakini Samir Səfərov “KamAZ” markalı avtomaşını hərəkətə gətirərkən qonşuluqda yaşayan azyaşlı Cəsur Xəlilov təkərin altında qalaraq ölüb.
İyunun 17-də Şamaxı rayon sakini Anar Allahverdiyev Çuxuryurd kəndi ərazisində göldə çimərkən boğulub. Şəki rayonunun Aşağı Daşağıl kəndində güclü küləyin əsməsindən ağacın budağı sınaraq kənd sakini Yusif Abdullayevin üstünə düşüb və o, aldığı xəsarətdən ölüb.
Daha bir bədbəxt hadisə Bakı şəhərində baş verib. Qaradağ rayonu Çənlibel daş karxanasında işləyən Qobustan qəsəbə sakini Nəcəf Nəbiyev elektrik cərəyanı vurması nəticəsində ölüb.