Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilib.
APA-nın məlumatına görə, tədbirdən öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nazirliyin kollegiya üzvləri, məsul əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.
Tədbir Azərbaycanın dövlət himninin oxunması, Heydər Əliyevin və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan polisinin tarixindən danışan R. Usubov bildirib ki, Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı fərmanla 2 iyun Azərbaycan Polisi Günü elan edilib: “Ölkəmizdə polisin tarixi dövlətçilik tarixi ilə sıx bağlı olub, bütün xalqımız kimi, polis də ilk demokratik cümhuriyyətimizin yaranması və tənəzzülünü, sovet dövrünü, İkinci Dünya Müharibəsinin fəlakətlərini öz taleyində yaşayıb”.
Nazir deyib ki, 2002-ci illə müqayisədə cinayətlər 28 faiz azalıb, cinayətlərin açılması 95 faiz yüksəlib, bağlı qalmış cinayətlər 13 dəfə azalıb. Hazırda Bakı Metropoliteni də daxil olmaqla, ölkə ərazisində 110 mindən çox videokamera ilə daimi müşahidə aparılır. 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və bölgələrdə 7 minə yaxın şəxs qəbul edilib.
R. Usubov qeyd edib ki, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevirib: “Təkcə 2015-ci ildə və cari ilin ötən dövründə respublikanın müxtəlif yerlərində keçirilmiş 800-ə yaxın kütləvi və beynəlxalq tədbirdə, o cümlədən Birinci Avropa Oyunlarında, “Formula-1” Avropa Qran-Piri yarışlarında asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub”.
R. Usubov nəzərə çatdırıb ki, xüsusi xidmətlərinə görə müstəqillik illərində 1211 DİN əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb: “Bu peşə bayramı ərəfəsində də ölkə prezidentinin sərəncamı ilə 41 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, 2 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbə verilib”.
Tədbirdə xüsusi tapşırıqların yerinə yetirilməsində fərqlənmiş bir qrup DİN əməkdaşının təltif edilməsi və mükafatlandırılması barədə dövlət başçısının sərəncamı və daxili işlər nazirinin müvafiq əmrləri oxunub. R. Usubov ali xüsusi və yeni rütbələrin poqonlarını, dövlət təltiflərini və digər mükafatları sahiblərinə təqdim edib.
Təntənəli mərasimin sonunda DİN mətbuat xidməti tərəfindən hazırlanmış “Asayişin və sabitliyin keşiyində” sənədli filmi nümayiş olunub.