Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda (Mehdiabad və Balaxanı yolunun kəsişməsində) “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub. Nəticədə, “VAZ” markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində vəfat edib, iki nəfər sərnişin isə xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Hadisə şahidlərinin bildirdiklərinə əsasən, qeyd olunan yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.