Avropa azərbaycanlılarının Avropa Parlamenti qarşısında etiraz aksiyası
03 oktyabr 2013 20:39 (UTC +04:00)

Avropa azərbaycanlılarının Avropa Parlamenti qarşısında etiraz aksiyası

Oktyabrın 3-də Brüsseldə Avropa Parlamenti qarşısında Avropada yaşayan azərbaycanlıların etiraz aksiyası baş tutub.

APA-nın məlumatına görə, aksiyada 300 nəfərə yaxın soydaşımız iştirak edib. Aksiyada iştirak edənlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasına baxmayaraq bu məsələyə beynəlxalq birliyin laqeyd yanaşmasından narahatlıqlarını ifadə ediblər.

 

Aksiyada Xocalı soyqırımına beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli qiymət verilməsi ilə bağlı şüarlar səsləndirilib. Aksiya zamanı xüsusi olaraq vurğulanıb ki, insan hüquqlarının qorunmasını özünün ali məqsədləri sırasına daxil edən beynəlxalq təşkilatların bir milyondan çox məcburi köçkününün hüquqlarının pozulmasına münasibət bildirməməsi anlaşılan deyil.

 

Avropada yaşayan soydaşlarımız Azərbaycanın dünya birliyinə inteqrasiya yolu tutduğunu, Avropa İttifaqı ölkələri ilə əmkdaşlığın genişləndirilməsinə xüsusi diqqətlə yanaşdığını qeyd ediblər. Soydaşlarımız Avropa parlamentinin rəsmi şəxslərinin Azərbaycanla bağlı söylədiyi fikirlərə də öz etirazlarını bildiriblər. Bildirilib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynasa da, nədənsə qitə dövlətləri, Azərbaycanın qarşılaşdığı problemlərə biganə qalmaqda davam edir. Aksiyada Azərbaycanın demokratiya və hüquqi dövlət quruculuğu yolunu seçdiyini ifadə edən şüarlar da səsləndirilib. 

 

Aksiyanın sonunda qəbul olunmuş bəyanatda qeyd olunub ki, son illər müstəqil Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması işində böyük uğurlar qazanıb. “Bütün bunların nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan bir dövlət, demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir”.

 

Bəyanat müəllifləri  Azərbaycannın əldə etdiyi bütün nailiyyətləri yüksək qiymətləndirirərək, ölkənin milli maraqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

 

Aksiya yerli vaxtla saat 15.00-da (Bakı vaxtilə 18.00) keçirilib. Aksiya dinc şəraitdə keçib və heç bir insident qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar