Astara rayonunda ucqar dağ kəndlərinə gedən yollarda torpaq sürüşməsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, sürüşmə əsasən rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 11-12-ci km-liklərində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, ötən il bölgəyə düşən intensiv yağıntılardan sonra başlayan sürüşmə qismən dayansa da, son günlər yenidən aktivləşib. Bu isə daha çox yoldan istifadə edən sürücülərin narahatlığına səbəb olub. Onlar qarlı günlərdə yolda nəqliyyatın hərəkətini təhlükəli sayırlar.
Ötən ilin aprel ayında istifadəyə verilən 21 km-lik yolun sürüşməsi təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Hətta yolun kənarlarında quraşdırılmış qoruyucu zolaqlar da yerindən qoparaq yarasız vəziyyətə düşüb. Asfalt yolun ortasında isə dərin çatlar əmələ gəlib.
Astara Rayon İcra Hakimiyyətində tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş dağ yolunda çökmələrin baş verməsini ərazinin aktiv sürüşmə zonasında yerləşməsi ilə əlaqələndiriblər. Bildirilib ki, nəqliyyat vasitələrinin rahatlığını təmin etmək məqsədilə yolda mütəmadi olaraq ağır texnikalar işləyir, sürüşmə baş verən ərazilər lil-torpaq çöküntülərindən təmizlənir, vəziyyət daim nəzarətdə saxlanılır. Yolda müvafiq təmir-bərpa işlərinin görülməsi isə yaz aylarında nəzərdə tutulub.
Qeyd edək ki, Deqədi-Pəlikəş yolundan Astaranın 21 yaşayış məntəqəsinin 12 min əhalisi istifadə edir.