“Həmin gün axşam Nisəni qızı ilə birlikdə bizə qoyub getdi. Gecəyarısı içkili vəziyyətdə qayıtdı. Uşaq yatmışdı. Dedi ki, uşaq yatıbsa qalsın, səhər gəlib götürəcək. Amma qız oyandı, getmək istədi. Bir yerdə yola saldım onları. Deyə-gülə getdilər...”
Bunu Astarada əri tərəfindən vəhşicəsinə döyülən, daha sonra başı qırxılıb qulaqları kəsilən Nisə Xəlilovanın dayısı qızı Qızqayıt deyir...
***
Sentyabrın 29-na keçən gecə Astara rayonunun Kələdəhnə kəndində 28 yaşlı Nisə Xəlilova həyat yoldaşı Çingiz Mehdiyev tərəfindən vəhşicəsinə döyülüb. Səhər saatlarında yaxınları qadını xəstəxanaya gətiriblər. Onun bədənində çoxsaylı qançır, kəsilmiş-deşilmiş xəsarətlər və digər zorakılıq əlamətləri aşkarlanıb. Hadisə kifayət qədər ictimailəşsə də, hələlik cinayət faktı ilə bağlı saxlanılan yoxdur.
Əslində, məlum hadisə baş verməzdən bir neçə saat əvvəl ailədə, necə deyərlər, tufan öncəsi sakitlik imiş. Çingiz hətta Nisəyə “səni çox sevirəm, sənsiz bir günüm olmasın” kimi xoş sözlər də deyirmiş.
***
...Çingiz və Nisə beləcə deyə-gülə Astara şəhərinə bitişik olan Kələdəhnə kəndinə, evlərinə gəlirlər. Evə çatar-çatmaz Çingiz Nisəni evə salıb, qızını isə qonşuya verib. Qonşuya da deyib ki, Nisə qaçıb, onu axtarmağa gedirəm. Amma...
Amma Çingiz tez evinə qayıdır. Nisəni döyməyə... Harasına gəldi vurur Nisənin. Sonra stola bağlayır. Birdən nə fikirləşirsə həyətə düşür, bir şiş tapıb gətirir. Bu dəfə arvadını şişlə döyməyə başlayır. Yenə də ürəyi soyumur. Qayçını götürür, Nisənin başını qırxır. Sonra qulaqlarını kəsir. Nisə bu işgəncələrdən huşunu itirir...
Qan içində halsız qalmış zavallı qadının əl-qolunu açıb ona ilk kömək göstərən də elə haraya gələn Qızqayıt olur.
Niyə? Nə üçün? Yarım saat əvvəl həyat yoldaşına “səni çox sevirəm, sənsiz bir günüm olmasın” deyən birini bu addımı atmağa nə vadar edib?
Nisənin qayınanası Həyat Mehdiyeva danışır:
- O, doqquz ildir mənim gəlinimdir. Bu evə gələndən haqqında min söz eşidirik. Çox çalışdıq onu yoluna qaytaraq. Amma ata-anası bizi dilə tutdu ki, ayıbdır, camaat içində rüsvay olmayaq. Oğlum da dedi ki, 2 uşağım var, heç cür boşaya bilmərəm. Boşasam, gedər gözümün qabağında pozğunluq edər, buna da dözmərəm. Biz çalışdıq onu yoluna gətirək, o da gizli-gizli öz işləri ilə məşğul idi. Biz neçə dəfə polisə ərizə yazdıq, evimizi dağıdan oğlanın adını verdik, amma bir şey dəyişmədi. Oğlan özü də dedi ki, pulum var, atamın imkanı var, mənə heç kim heç nə edə bilməz.
Bəs kimdi bu oğlan?
Biz Nisə Xəlilova ilə münasibətdə olduğu deyilən həmin adamı da tapdıq. Yalçın Mirzəyevi. Özünü heç bir işdə günahkar saymır, əksinə, Çingizi bəzi əməllərdə ittiham edir:
- Yalan deyir, belə bir şey olmayıb. Mən qızın əmisi Salmanla dost olmuşam. Bir yerdə işləyirdik. Salmanın oğlu da Çingizin bacısını alıb. Mən onunla yoldaşlıq etmirəm. Uşaqlardan, ordan-burdan eşidirdim ki, narkotik qəbul edir. Mən də çalışmışam ki, üz-üzə gəlməyim. Amma yenə də məndən əl çəkmirdi. Həmişə mənə ilişib. Neçə dəfə polisə də vermişəm. Belə bir şey olsaydı, evimə gələrdi, məni axtarardı. Hadisə vaxtı da evdə olmuşam. Çingizin yoldaşı ilə də hər hansı bir münasibətim, əlaqəm olmayıb. Bir dəfə də olsun maşınıma mindirməmişəm.
Söhbətə müdaxilə edən Yalçının atası Məhərrəməli kişi də oğlunu israrla müdafiə edir:
- Dörd il əvvəl gecə maşınla həyətimizə girmişdi Dedim a bala, nə istəyirsən? Bizim həyətdə nə işin var? Hamımızın ağzını-üzünü söydü... Bundan sonra da əl çəkmirdi. Polisə də vermişik. Həmişə deyirdi ki, gecə ilə gəlib hamınızı qıracam.
M.Mehdiyev oğlunun Çingizlə bir vaxtlar dostluq etdiyini də gizlətmədi.
Söhbət edə bildiyimiz kənd sakinləri də deyir ki, onlar dost olublar, elə münasibətləri də Nisəyə görə pozulub, hətta düşmənçilik həddinə çatıb.
Nisənin yaxınları iddia edir ki, hadisə yersiz qısqanclıq səbəbindən və qızıl üzüyə görə baş verib. Onların dediyinə görə, Çingiz Nisənin evdə qalan yeganə üzüyünü əlindən almaq istəyib. Bunun üstündə mübahisə yaranıb və həmin dəhşətli olay baş verib.
***
Zərərçəkən qadının dayısı oğlu Elvin Xəlilov deyir ki, hadisə baş verən günün axşamı Çingiz, Nisə və onların azyaşlı qızlarını Qızqayıtgilə gedərkən görüb: “Mən Astaradan Kələdəhnəyə tərəf gedirdim. Çayçının yanında onları gördüm. Əmimqızıgil tərəfə gedirdilər. Amma Çingizə görə maşını saxlayıb onları götürmədim”.
***
Hadisənin baş verdiyi evə də getdik. Çingiz və valideynləri Bakıya gəlmişdilər. Onlar nədənsə problemi telekanallarda həll etmək qərarına gəliblər. Bunu görən Nisənin atası da vaxt itirmədən Bakıya - həmin telekanalın studiyasına tələsib ki, öz qızını və ailəsini müdafiə etsin.
Çingizgilin evində də kimsə yox idi. Qonşular da hadisə və qalmaqallı ailə ilə bağlı heç nə demək istəmirdilər...
***
Astara Rayon Prokurorluğunda Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Hələlik saxlanılan yoxdur. Bu müddət ərzində isə Yalçın Mirzəyev iki dəfə prokurorluğa çağırılıb.
***
Çingiz və Nisənin iki azyaşlı uşağı var. 9 yaşlı oğlan ata nənəsinin yanında böyüyüb və anasına münasibəti yaxşı deyil. Tanıyanlar dedilər ki, uşağı bilərəkdən bu ruhda böyüdüblər. Oğlan anasını görmək belə istəmir.
Azyaşlı qız isə əksinə, anasının yanında böyüyüb. O da atasına qarşı laqeyddir...
Bax belə bir ailə. Belə bir tale.
***
Bir qadın - səbəb nə olur-olsun, bu, ayrıca məsələdir – yarımcan edilib, şikəst olunub, sağlamlığından və gözəlliyindən olub.
Hadisəni törədən isə - kim olursa olsun, onu hüquq-mühafizə orqanları deyəcək – azadlıqda gəzir.
Azadlıqdamı?..
Nizam Rza,
Astara