Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holding” MMC-nin Direktorlar Şurasının sədri Anar Məmmədovun Türkiyə vətəndaşı olan mühafizəçisinin güllələnməsi və Türkiyədə 40 milyon dollar ada alması barədə Türkiyənin “Hürriyet” qəzetinin yazdıqlarına münasibət bildirilib.
Lent.az-ın bu məsələ ilə əlaqədar sorğusuna Anar Məmmədovun nümayəndəsi, “Garant-Holding”in hüquqşünası Ruslan Məmmədovun imzası ilə cavab verilib.
Cavabda qeyd edilir ki, “Hürriyet” qəzetində gedən məlumatlar həqiqətə uyğun deyil və tamamilə yanlışdır. Bildirilir ki, holdinqin layihələri bir çox ölkələri, o cümlədən qardaş Türkiyəni əhatə edir, bu layihələrdə müxtəlif dövlətlərin yüzlərlə vətəndaşları çalışıblar və çalışırlar: “Lakin bəlkə də nə zamanlarsa əməkdaşlıq etdiyimiz hər hansı bir şəxsin, şəxslərin bu gün bizimlə əlaqələndirilməsi sadəcə gülünc görünür. Ən azından mühüm bir məsələni unutmayaq ki, istənilən halda, dünyanın istənilən bir ölkəsində işəgötürən yalnız hazırda əməkdaşlıq etdiyi işçiyə görə hər hansı bir məsuliyyət daşıyır, əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra işçinin törətdiyi hansısa bir əmələ görə keçmiş işəgötürənlərinin ittiham edilməsi heç bir sağlam düşüncəyə, sağlam məntiqə sığmır”.
Məktubda Anar Məmmədovun “Çırağan” Sarayında milyon dollarlıq ziyafət verməsi, eləcə də Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir adanı satın alması barədə yazılanların da həqiqətə uyğun olmadığı vurğulanıb: “Ucuz sensasiya dalınca qaçan jurnalist təxəyyülünün məhsuludur. Məlumatdan da görünür ki, heç bir mötəbər mənbəyə istinad edilmir. Anar Məmmədovun ölkəmizin ictimai və iqtisadi həyatındakı fəal iştirak edən, eləcə də, xaricdə xüsusən ABŞ-da Azərbaycanın təbliği sahəsində irimiqyaslı işlər görən gənc iş adamı, “Garant Holding” MMC-nin Direktorlar Şurasının sədri, Azərbaycan-Amerika Alyansının təsisçisidir. Əsas məqsədi Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışmaq, Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək olan Alyans bir müddət əvvəl Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış dəhşətli Xocalı soyqırımının Amerika Birləşmiş Ştatlarında tanıdılması istiqamətində genişmiqyaslı kampaniya keçirib”.
Açıqlamada o da bildirilib ki, “Hürriyet” qəzetində gedən məlumatların ətraflı araşdırılmasına başlanılıb və yaxın günlərdə məlumatların həqiqətə uyğun olmaması barədə iddia ilə Türkiyə Respublikasının müvafiq məhkəmə instansiyasına müraciət ediləcək.
Qeyd edək ki, bu gün Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan yazıb. “Azəri nazirin türk mühafizəçisinə nə oldu?” başlıqlı yazıda qeyd olunur ki, Anar Məmmədovun yanında mühafizəçi işləyən Türkiyə vətəndaşı İsmayıl Gənc azərbaycanlı mühafizəçilərlə tez-tez dava edib. Üç həftə öncə baş vermiş davada İsmayıl Gənc azərbaycanlı mühafizəçilərin açdığı atəş nəticəsində ağır yaralanıb və Bakıdakı xəstəxanalardan birində müalicə olunmağa başlayıb. İsmayılın aqibəti haqqında da bilgi yoxdur. Müəllif yazır ki, Gəncin ailəsi Bakıdakı Türkiyə Səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışıblar, amma nəticə əldə edə bilməyiblər. Müəllif yazıb ki, Anar Məmmədovun iki həftə “Çırağan” şadlıq sarayında milyon dollarlıq ad günü ziyafəti verib və Bodrum yaxınlığında 40 milyon dolar dəyərində bir adanı alıb.