Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumt yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 14-də saat 03 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çınqıl alacağı adı ilə oturub Yaşma bağlar sahəsinə gedib. Orada digər maskalı 3 şəxslə birgə sürücünü döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4000 manat pulunu alıb hadisə yerini tərk ediblər. Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulublar.
Araşdırma aparılır.