Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. QAT-dan Lent.az-a verilən məlumata görə, A. Nağı həbs olunmuş QAT üzvləri Zülfüqar İbrahimov və Vüqar Əliyevin işi ilə bağlı idarəyə dəvət edilib.
QAT sədri Baş İdarənin istintaq şöbəsinin müdiri Canpolad Daanovla görüşüb. Baş idarənin nümayəndəsi QAT-ın narahatlığını başa düşdüklərini, işə tam obyektiv yanaşdıqlarını bildirib. A. Nağı hər iki QAT üzvünü yaxşı tanıdıqlarını, onların deyilən hərəkətləri törətdiklərinə inanmadıqlarını deyib və ədalətli araşdırma aparılmasını xahiş edib.
Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq DİN-in xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşları Suriyaya döyüşlərə göndərməkdə ittiham olunan dəstənin 4 üzvünun - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyevin saxlanıldığı barədə rəsmi məlumat yaymışdı.