"Texnikabankın" vəzifəli şəxslərinin şikayəti təmin edilmədi
25 dekabr 2014 16:15 (UTC +04:00)

"Texnikabankın" vəzifəli şəxslərinin şikayəti təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov və digər şəxslər barəsində hökmdən, eləcə də Z.Yusifovun atası Zakir Yusifova məxsus mülklərin üzərinə qoyulmuş həbs qərarından verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi prosesdə prokuror çıxış edib. Prokuror bildirib ki, Zal Yusifov bankda işləyən zaman “Humay” şadlıq evində çoxsaylı vətəndaşlarla görüş keçirib. Onun sözlərinə görə, Zal Yusifov həmin şadlıq evində vətəndaşları aldadaraq pullarını mənimsəyib.


Prokuror həmçinin qeyd edib ki, Zal Yusifovun atası Zakir Yusifov “Humay” şadlıq evinin və şəxsi mülkü olan evin üstündən həbs qərarının götürülməsini tələb edir. Lakin həmin əmlakların üzərindən həbs qərarının götürülməsi düzgün deyil. Prokuror onu da qeyd edib ki, birinci instansiya məhkəməsi əmlak məsələsi ilə bağlı qərar qəbul edərkən doğru nəticəyə gəlib. Prokuror çıxışının sonunda Zakir Yusifovun apelyasiya şikayətinin təmin edilməməsini tələb edib.

Prokuror eləcə də “Texnikabank”a 2 milyon manatdan çox ziyan dəydiyini bilidirib. ““Texnikabank”ın rəhbər şəxsləri vətəndaşlara dəymiş ziyanın ödənilməsini düşünür. Bu səbəbdən mülklərin geri qaytarılması ilə bağlı iddia təmin edilməməlidir".


Daha sonra “Texnikabank”ın nümayəndəsi çıxış edib. O, bundan əvvəl keçirilən prosesdə çıxış edən bankın digər nümayəndəsi Habil Cavadovun fikirləri ilə razı olduğunu qeyd edib. Nümayəndə bildirib ki, Zal Yusifovun atası Zakir Yusifovun həbsdə olan mülklərinin geri qaytarılması ilə bağlı iddiası əsassızdır.


Prosesdə Zal Yusifovun vəkili çıxış edib. O, apelyasiya şikayətini əsaslandırmağa çalışıb və hakimlərdən iddianın təmin edilməsini istəyib. Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Qısa müşavirədən qayıdan hakimlər Zal Yusifovun və atası Zakir Yusifovun apelyasiya şikayətini təmin etməyiblər.

Qeyd edək ki, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib. Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar