DəmirBank 19 iyun 2013-cü il tarixdə Beyləqan rayonunda sayca 32-ci olan yeni filialın rəsmi açılış tədbirini və İcra Hakimiyyəti ilə birgə Beyləqan sakinləri üçün “DəmirBank məhsulları, plastik kartlardan istifadə və nağdsız ödənişlər” mövzusunda maarifləndirici tədbir keçirib.
Yeni filial Beyləqan şəhərində Rəsulzadə küçəsi 96A ünvanında yerləşir və müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir.
İki hissədən ibarət tədbirdə Bankın nümayəndələri və müştəriləri, Beyləqan rayonu İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bankın filialında keçirilən tədbirdə DəmirBank-ın fəaliyyəti, tarixi nailiyyətləri, eləcə də Beyləqan filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.
Beyləqanda Heydər Əliyev Mərkəzində isə ölkədə nağdsız ödənişlərin artımı məqsədilə “DəmirBank məhsulları, plastik kartlardan istifadə və nağdsız ödənişlər” mövzusunda maarifləndirici təqdimat keçirilib. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini DəmirBank tərəfindən hazırlanan tədbiri yüksək dəyərləndirib. Beyləqanda ilk dəfə məhz DəmirBank-ın bu mövzuda geniş maarifləndirici tədbir keçirdiyi vurğulanıb.
Qeyd edək ki, son aylarda DəmirBank tərəfindən Şəmkir və Lənkəranda da analoji tədbirlər təşkil edilib.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.