“Çox içki içirdi, nəşə çəkirdi, alkaş idi, qumarbaz idi. Hər gün məni döyüb incidirdi. Deyirdi ki, get pis yola düş, amma mənə pul gətir”. Bunu sözləri həyat yoldaşı, 33 yaşlı Çingiz Mehdiyev tərəfindən dəfələrlə dəhşətli işgəncələrə məruz qalan və hazırda Astara Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan 28 yaşlı Astara rayon sakini Nisə Xəlilova APA-nın cənub bürosuna deyib.
Əri ilə aralarındakı münaqişənin başvermə səbəblərinə aydınlıq gətirən N.Xəlilovanın sözlərinə görə, sonuncu dəfə Çingiz deyib ki, ona pul lazımdır, borcu var. N.Xəlilova bildirib ki, əri borcun qumar borcu olduğunu söyləyib.
İşgəncələrə məruz qalan qadın ərinin hər gün gecəyarısı sərxoş vəziyyətdə evə gələrək, hər dəfə onu döydüyünü qeyd edib.
N.Xəlilova ərinə xəyanət etməsi, Astara rayon sakini Yalçın Mirzəyevlə yaxın münasibətlərdə olması barədə yayılan şaiyələrə də aydınlıq gətirib: “Yalçını tanımıram. Çingizin dostu olub. Mən onu heç görməmişəm. Amma Çingiz məni ona qısqanırdı, deyirdi ki, sən ona baxırsan”.
Ərinin həbs olunması xəbərindən sevindiyini bildirən N.Xəlilova narahatlıq hissi keçirdiyini də gizlətməyib: «O məni daim hədələyirdi. Deyirdi ki, harada belə olsan, gəlib səni öldürəcəyəm”.
Qeyd edək ki, həyat yoldaşına dəhşətli işgəncələr vermiş Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev prokurorluğun sanksiyası ilə saxlanılıb və onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.
Astara Rayon Prokurorluğundan məsələ ilə bağlı məlumat əldə edə etmək mümkün olmayıb.