DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bu gün “Bayıl Arena”da keçiriləcək Azərbaycan-Rusiya futbol matçında azarkeşlərə qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə uymamağı tövsiyə edib.
E.Zahidov həmçinin bildirib ki, bu gün keçiriləcək futbol oyununda Azərbaycan və Rusiya yığmalarının üzvlərinin və hər iki komandaların azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq, ictimai asayişin pozulmasına yönələn hər hansı insidentin qarşısı qətiyyətlə alınacaq.
Qeyd edək ki, ötən bazar günü Moskva şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir.