Bakı Apellyasiya Məhkəməsində keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənov birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 24-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin avqustun 28-də Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra R.Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb. Onun üzərindən “Makarov” tipli tapança götürülüb.
Qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşı olub. Araşdırma zamanı məlum olub ki, R.Həsənov N.İbrahimovu qız üstündə güllələyib.
Bu il iyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi apellyasiya şikayəti verib.
Xatırladaq ki, R.Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması haqda məlumat yayılıb.