Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 02.07.2016-c il tarixdə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub. 03.07.2016-cı il tarixdə 35 nəfər Nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.
xxxxx
Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Kiş kəndi ilə əlaqə kəsildiyindən alternativ yolun salınması planlaşdırılır.
Aidiyyatı qurumlarının iştirakı ilə ərazilərə baxış keçirdiyini deyən icra başçısı Elxan Usubov bildirib ki, ilk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq.
Açıq havada qərargah yaradıldığını deyən icra başçısı Kiş kəndinə qaz və elektrik verilişinin təhlükəsizlik səbəbindən dayandırıldığını deyib.
Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə ciddi ziyan vurub. Ərazi hidrometrologiya idarəsindən bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn sel suları daşqına səbəb olub. Yüksəklikdə yerləşən dərələrdən axan çayların meyllilik dərəcəsi yüksək olduğundan boyük sürət axını yaranıb. Bu zaman dərələrdə erroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb.
Hidrometrologiya idarəsindən onu da bildirdilər ki, iyul 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyatı qurumlara məlumat verilib.
xxxxxx
02:23
Kiş çayına lilin gəlməsi səbəbindən, Şəkinin Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Kiş kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, iyulun 2-i axşam saat 22 radələrindən başlayaraq Şəki rayonu Kiş kəndi inzibati ərazisindəki Kiş çayına dağlıq ərazidən 3-4 metr qalınlıqda lil gəlməyə başlayıb.
Kiş kənd bələdiyyəsinin sədri Tərlan Nurməmmədov APA-ya verdiyi açıqlamada faktı təsdiqləyib. T. Nurməmmədovun sözlərinə görə, çaya gələn lil səbəbindən kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Belə ki, çaya gələn lil kəndi rayon mərkəzi ilə birləşdirən Kiş körpüsünü yararsız hala salıb. Yolun asfalt üzlüyünün üstündə 30-40 sm lil durduğundan yolu müəyyən etmək mümkün deyil.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Kiş çayına lil gəlməsi səbəbindən çayın üzərindəki iki körpü dağılıb, kəndlə gediş-gəliş əlaqəsi kəsilib. Məlumatda bildirilir ki, kəndin yuxarı hissəsində, çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində 20-yə qədər adam qalıb. Hazırda həmin istirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə xüsusi texnika göndərilməsi planlaşdırılır. Rayon rəhbərliyinin və rayonun digər müvafiq qrumlarının əraziyə baxış keçirdiyi bildirilir.
Kiş çayına hündürlüyü 3-4 metr olan lilin gəlməsinə səbəb dağlıq əraziyə yağan güclü leysanın olduğu bildirilir.