İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, martın 27-də günorta saatlarında Gəncə şəhər sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları Elvira Hüseynovanı və Eldar Əliyevi digər qonşusu Amil Hüseynovun bıçaqla vurub qaçdığını bildirib.
İlkin araşdırma zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı qohumu, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Elvira Hüseynovanı bıçaq zərbələri ilə vuraraq ona döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi bıçaqla vuraraq döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Hüseynov şəhər ərazisində gizləndiyi yarım tikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.