Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub və V.Mahmudovun həbs müddəti daha üç ay uzadılıb.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona inayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.