Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər. Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib. Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər. Ailəsinə təhvil verilən qadının yaxınları müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə qanun keşikçilərinə minnətdarlıqlarını bildiriblər.