Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Pərviz Əsədzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə iyunun 7-də saat 18.00 radələrində rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. “Toy karvanı”nda bir-birini ötməyə cəhd göstərən avtomobillər zəncirvari qəza törədiblər. Qəza zamanı Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Pənah Nadir oğlu Şərbətovun idarə etdiyi “Hyundai Sonata” markalı, 99 KC 744 dövlət nömrə nişanlı, Lənkəranın Sütəmurdov kənd sakini, 1972-ci il təvəllüdlü Mehman Sabir oğlu Quliyevin idarə etdiyi “Mersedes” markalı, 10 KC 664 dövlət nömrə nişanlı, Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Firdovsi Ağakərim oğlu Babayevin idarə etdiyi “VAZ-21074” markalı, 44 BR 157 dövlət nömrə nişanlı və Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1980-ci il təvəllüdlü Samir İbrahim oğlu Vəliyevin idarə etdiyi “VAZ-21074” markalı, 10 NV 778 dövlət nömrə nişanlı avtomobillər bir-birilə toqquşub. Güclü zərbənin təsirindən avtomobillərin dördü də ciddi xəsarət alıblar. Həmçinin “VAZ-21074” markalı, 44 BR 157 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Firdovsi Babayevlə onun yanındakı sərnişin, 1970-ci il təvəllüdlü Zəminə Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.