Azərbaycanlı döyüşçü Suriyada əsir götürülüb.
APA-nın əldə etdiyi məlumata görə, əsir götürülən şəxs “Cundu-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevdir.
O, “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulub və şəriət qanunları ilə barəsində edam hökmü çıxarılıb. Onun yaxın günlərdə edam olunacağı bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, “Cundu-Şam’’ silahlı qruplaşmasının bütün üzvləri Suriya ərazisindən qovulub. Onların böyük əksəriyyətinin azərbaycanlı olduğu bildirilir.
Sumqayıt hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Aqil Tağı oğlu Hacıyev Lənkəran rayonunun Boladi kəndində anadan olub. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.
Hüquq-mühafizə orqanlarından A. Hacıyevin hazırda Suriyada olması barədə məlumatlara malik olduğunu bildirsələr də, onun əsir götürülməsi barədə xəbərsiz olduqlarını deyiblər.
Qeyd edək ki, xəvaricilərin Sumqayıtdakı əmiri Elçin Əkbərov isə Daxili İşlər Nazirliyinin 2013-cü ilin dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. E. Əkbərov ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə bağlı tutulub. Həmin insident zamanı Sumqayıt şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 20-dən artıq şəxs həbs edilib.
Saxlanılan şəxslərin evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu aşkar edilərək götürülüb.