İspaniya hakimiyyəti Rusiya Baş Prokurorluğuna kriminal aləmdə böyük nüfuz sahibi olan Karlo Mikadzeni təhvil verə bilməyəcəkləri barədə məlumat göndərib.
Lent.az-ın “Rosbalt”a istinadən verdiyi məlumata görə, İspaniya hüquq-mühafizə orqanları Moskvada qətlə yetirilmiş “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyanın yaxın ətrafındakı şəxslərdən olmuş Karlo Mikadzenin İspaniyanı tərk etdiyini, Avropa ölkələrində gizləndiyini bildirib.
Qeyd edək ki, bu ilin yay aylarında Rusiya Baş Prokurorluğu İspaniyaya Karlo Mikadzenin ekstradisiya edilməsi ilə bağlı sorğu göndərib. Karlo Mikadze 20-dən çox qətldə əli suçlu bilinən Dmitri Lesnyakovun və “Ded Xasan”ın ətrafına daxil olub. 2010-cu ilin yazında İspaniya hüquq-mühafizə orqanları Rusiya mafiyasının Avropa Birliyi ərazisində fəaliyyəti ilə bağlı Karlo Mikadzeni saxlayıb. Ancaq həmin vaxt İspaniya Karlo Mikadzeni Rusiyaya ekstradisiyasının mümkün olmadığını açıqlayıb və Karlo Mikadze girov müqabilində azadlığa çıxıb.
Amma indi İspaniya və Fransa eyni vaxtda bəyan ediblər ki, Dmitri Lesnyakovun dəstəsinin fəaliyyəti ilə araşdırmada iştirak etmək istəyirlər. Çünki bu dəstənin üzvlərinin İspaniya və Fransa ərazilərində də cinayətlər törətdikləri ehtimal edilir. Bu sırada Marseldə “qanuni oğru” Vladimir Canaşiyaya qarşı sui-qəsd məsələsi də var. Dmitri Lesnyakovun dəstəsi “qanuni oğru” Tariel Onianinin “sağ əli”olmuş Qel Tsertsvadzeyə qarşı sui-qəsddə də şübhəli sayılır. Karlo Mikadzenin isə hazırda əsas məqsədinin Tariel Oniani və “Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru” Rövşən Caniyevin aradan götürülməsi olduğu da ehtimal edir. Bu isə səbəbsiz deyil. Tariel Oniani və Rövşən Canıyev “Ded Xasan”a qarşı çıxan qruplaşmanın liderləridir. Bu, onları yaxın müttəfiq və dosta çevirmişdi. Təsadüfi deyil ki, bir müddət əvvəl Rusiya mətbuatı da Tariel Onianinin və Rövşən Canyevi öldürmək istəyən “qanuni oğru”lara savaş açdığını yazmışdı...