“Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda tədbir keçirilib
04 aprel 2014 12:50 (UTC +04:00)

“Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Xətai rayonundakı 29 saylı orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurov nazirliyin fəaliyyət istiqamətləri və struktur qurumları barədə məlumat verib. O bildirib ki, bu silsilə tədbirlər Bakı şəhərinin bütün rayonlarında keçirilir. Tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.

 

Məktəbin direktoru Ələddin Əliyev isə verilən məlumatların və keçiriləcək nümayişin şagird və müəllim heyəti üçün maraqlı olduğunu bildirib.   

 

Tədbir çərçivəsində məktəbin müəllim və şagird heyətinə müxtəlif fövqəladə hallar zamanı necə davranılması barədə bilgilər verilib. FHN-in istifadəsindəki avadanlıqlar nümayiş olunub. Xüsusi riskli axtarış və qəza xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqların təyinatı, onların iş prinsipləri, fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi barədə məlumat verilib.

 

Sonda məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi və yanğının söndürülməsi əməliyyatı üzrə nümunəvi praktik təqdimatlar olub.

# 331
avatar

Oxşar yazılar