“Komandamızda yaxşı abı-hava var. Vacib oyunlardan öncə olduğu kimi döyüşkən əhval-ruhiyyədəyik. Hamımız başa düşürük ki, dünya çempionatına yollanmaq üçün yaxşı şans qazanmışıq”. Lent.az-ın məlumatına görə, bunu Rusiya millisinin və Moskva “Dinamo”sunun futbolçusu Denis Qluşakov Lüksemburq və Azərbaycan yığmaları ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçları öncəsi deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, ələ düşən şansdan yararlanmaq üçün hər iki səfər matçından qalib ayrılmaq lazımdır: “Biz bu rəqiblərdən biri ilə oyunlarda xal itirə biləcəyimizi belə düşünmürük. Düzdür, azərbaycanlılar ev oyunumuzda bizə narahatlıq yaratmışdılar. Amma təşəbbüs öz tərəfimizdə idi”.
Qluşakovun fikrincə, hər şey Lüksemburqla oyunda həll olunmayacaq, Azərbaycan millisini də məğlub etmək lazımdır: “Rəqiblərimizin necə oynayacağını düşünmürük. Hədəfimiz 6 xaldır”.
Qeyd edək ki, Rusiya millisi hazırda 8 oyundan 18 xalla F qrupuna başçılıq edir. Portuqaliya isə 1 xal geridədir. Şimal qonşularımız oktyabrın 11-də Lüksemburqun, oktyabrın 15-də Azərbaycanın qonağı olacaqlar. Millimizlə ilk görüş ötən il oktyabrın 16-da keçirilib və Rusiyanın qələbəsi ilə yekunlaşıb – 1:0. Qrup lideri Braziliyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanacaq.