“Azərbaycanın hərbi yola da əl atmaq imkanı var”
21 iyun 2013 11:05 (UTC +04:00)

“Azərbaycanın hərbi yola da əl atmaq imkanı var”

Almaniyanın Sülh Araşdırmaları İnstitutunun Araşdırmalar Departamentinin rəhbəri Hans-Yoahim Spanger ilə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və İcma əməkdaşları arasında görüş keçirilib. Lent.az-ın məlumatına görə, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında keçirilən görüşü giriş sözü ilə B.Səfərov açıb.

 

O, öncə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu haqqında geniş məlumat verib. İcma rəhbəri münaqişənin həlli ilə bağlı 20 ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmədiklərini qonağın diqqətinə çatdırıb. O, vurğulayıb ki, konflikt yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.

Almaniyalı tədqiqatçı isə beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanı açıq şəkildə dəstəklədiyini bildirib. Bir sıra ölkələrdə olan erməni diaspora və lobbisi münaqişənin həlli prosesinə çətinliklər yaratsa da, son dövrlər Azərbaycan tərəfinin diplomatik fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin açıq-aşkar haqlı mövqeyi və üstünlüyü görünür: “Biz bilirik ki, Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı var. Amma dünya ictimaiyyəti yenidən müharibənin başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həllində bütün imkanlarından istifadə etməlidir”.

Sonra İcma rəhbəri Bayram Səfərov qeyd edib ki, Azərbaycan xalqı münaqişənin həllində prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir, lakin hər an ali baş komandanın əmri ilə öz torpaqlarımızı düşməndən azad etməyə hazırdır: “Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağa və Qarabağda yaşayan ermənilərə ölkəmizin ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır və biz də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub, orada olan ermənilərlə Azərbaycan vətəndaşı kimi birgə yaşamağa hazırıq”.

 

Görüş tərəfləri maraqlandıran digər sual-cavab və müzakirələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar