Elçin Şıxlı “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib. Lent.az-ın mediaforum-a istinadən məlumatına görə, bu barədə baş redaktor özü məlumat verib. Elçin Şıxlı bu gün “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivlərinin ümumi toplantısının keçirildiyini bildirib: “Geniş müzakirə olunası bir məsələ yox idi. Kollektivləri topladım və qəzetlərin fəaliyyətinin birdəfəlik dayandırıldığı qərarını elan etdim”.
Elçin Şıxlı deyib ki, rəhbərlik etdiyi qəzetlər fəaliyyətini dayandırdığına görə o, fəal jurnalistikadan getməyə də qərar verib: “Bu qərarımı da qəzetlərin kollektivlərinə çatdırdım”.
1990-cı ilin avqustunda yaradılan “Ayna” və “Zerkalo” qəzetləri 2014-cü ilin may ayının əvvəlində dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmamış, iyunun 1-dən hər iki qəzetin nəşri dayanmışdı.