“Qətl sübuta yetirilsə, Şerbakovun valideynlərindən üzr istəyəcəyəm” - YENİLƏNİB
16 oktyabr 2013 17:32 (UTC +04:00)

“Qətl sübuta yetirilsə, Şerbakovun valideynlərindən üzr istəyəcəyəm” - YENİLƏNİB

 “Əvvəlcə cinayət sübuta yetirilməli, sonra həmin ölkənin qanunları çərçivəsində cəza təyin edilməldir”.


 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri Moskvada 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun atası, Azərbaycanın Şəmkir rayonunun Seyfəli kənd sakini Zahid Zeynalov bildirib.

 

Onun sözlərinə görə, ailələrində ziyankarlıq, davakarlıq, kiməsə ziyan vurmaq kimi hallar olmayıb: “Rusiyadan gələn jurnalistlər maraqlanırdılar ki, sizdə hansısa konflikt olubmu. Mən onlara cavab verdim ki, mən özüm də hərbi xidməti Rusiyada keçirmişəm. Ruslarla yaxın dostluğum olub, hətta indi də bu dostluq davam edir. Bizdə ruslara qarşı heç bir nifrət hissi olmayıb”.

 

Zahid Zeynalov bildirib ki, Orxanın saxlanılma səhnələrini görüb və ona qarşı zorakılıq tətbiq edilməsinin əleyhinə olub: “İnsan hüquqlarını tapdalamaq olmaz. Hər bir dövlətin öz qanunu var və o qanun çərçivəsində cəza vermək lazımdır. Fiziki cəza, kobud rəftar etmək olmaz. Hadisə baş veribsə, onu araşdırmaq lazımdır ki, hansı zəmində baş verib. Yalnız cinayət sübuta yetiriləndən sonra cəza tətbiq etmək lazımdır. Şübhəli şəxs kimi saxlanılan adama fiziki cəza vermək olmaz”.

 

Zahid Zeynalov baş verənlərə siyasi don geyindirməyin əleyhinə olduğunu və Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin normal olduğunu bildirib. O, oğlu Orxan Zeynalovun bəzi mətbu orqanlarda narkotik vasitələrdən istifadə etdiyi barədə yayılan məlumatlara da münasibət bildirib: “Oğlum idmançıdır və Rusiyada əmiləri ilə birgə yaşayır. Onun narkotik vasitədən istifadə etmədiyini 100 faiz deyə bilərəm. Mən yenə deyirəm, oğlumun günahı yoxdur. Əgər oğlumun qətl törətdiyi sübuta yetirilərsə, bir valideyn kimi Yeqor Şerbakovun valideynlərindən üzr istəyəcəyəm”.

 

Orxan Zeynalovun anası Yasəmən Zeynalova dünən günorta saatlarında oğlunun onunla danışdığını deyib: “Orxan heç bir cinayət əməli törətmədiyini, yalnız şübhəli şəxs kimi axtarışda olduğunu bildirdi”.

 

Zeynalovlar ailəsi əlavə edib ki, Orxan Zeynalov Rusiya mətbuatının yazdığı kimi, 1982-ci il deyil, 1984-cü il təvəllüdlüdür və Rusiyada 10 ilə deyil, 4 ilə yaxındır yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3513
avatar

Oxşar yazılar