Azərbaycanda həbs edilən “Koba Qruzinski” adı ilə tanınan gürcüstanlı kriminal avtoritet Koba Kvaxadze barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Koba Kvaxadze ilə bağlı məhkəmə prosesi bir qədər əvvəl başa çatıb. Məhkəmə Kvaxadze Koba Vaxtanqovicin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Zərərçəkmiş şəxsin vəkili Adəm Məmmədov APA-ya açıqlamasında bildirib ki, hazırda Bakı Apellyasiya Məhkəməsində şikayət əsasında proses davam etdirilir.
A.Məmmədov məhkəməyə təqdim etdikləri şikayət ərizəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz hökm çıxardığını vurğulayıb.
Qeyd edək ki, K. Kvaxadze mənzillərdən oğurluq etməkdə təqsirləndirilir. O, həbs edilərkən üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. K. Kvaxadze Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) və 234. 1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddələri ilə təqsirləndirilir.